Dövlət Gömrük Komitəsi (DGK) 1 noyabr 2014-cü il tarixindən etibarən xarici ticarət əməliyyatları zamanı tələb olunan sənədlərin sayını 3-dək azaldacaq. Bu barədə DGK-nın məlumatında deyilir.
24 iyun 1997-ci il tarixli “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq xarici ticarət əməlyyatlarının rəsmiləşdirilməsi üçün gömrük orqanlarına şəxslər tərəfindən ixrac əməliyyatları üzrə 8 və idxal əməliyyatları üzrə isə 11 sənədin təqdim edilməsi tələb olunurdu.
Qeyd olunan qaydalara 1 noyabr 2014-cü il tarixdən qüvvəyə minəcək dəyişikliklərə və Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”na uyğun olaraq gömrük məqsədləri üçün artıq 3 sənədin mallar və nəqliyyat vasitələri barədə məlumatları özündə əks etdirən kağız üzərində yazılı və elektron formada gömrük bəyannaməsi ilə birgə nəqliyyat növündən asılı olaraq nəqliyyat sənədlərinin və xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilənin və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin, yaxud istənilən digər sənədin gömrük orqanlarına təqdim olunması nəzərdə tutulur.
Məlumatda deyilir ki, qeyd olunan qanunvericilik aktlarının qəbulu idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılmasına şərait yaratmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin surətləndirilməsinə, gömrük rəsmləşdirilməsi və nəzarəti və müddətinin mümkün qədər qısaldılmasına, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına, ticarət-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə, ölkədə əlverişli biznes mühitinin formalaşdırılmasına və ölkənin iqtisadi, milli təhlükəsizliyinin möhkəmləndirilməsində və sosisl-iqtisadi inkişafında gömrük sisteminin rolunun artırılmasına əlverişli zəmin yaradacaq.
N.Abbasova