Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) müasir tələblərə uyğun iş şəraiti və tibbi avadanlıqlarla təmin olunmasına başlanılıb. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
Cümə axşamı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ƏƏSMN-in (Bakının Binəqədi rayonu üzrə) 6 saylı TSEK-nin əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təchiz edilmiş və müasir iş şəraiti ilə təmin olunmuş binasının açılışında iştirak edib.
S.Müslümov prezident İlham Əliyevin tapşırığına uyğun olaraq nazirliyin bütün fəaliyyət sahələrində, o cümlədən tibbi-sosial ekspertiza xidməti sahəsində fəaliyyətin təkmilləşdirilməsi işlərinin aparıldığını vurğulayıb.
Nazir TSEK-lərin köhnəlmiş iş metodlarının müasirləşdirilməsi, əlillik təyinatı mexanizminin müasir tələblərə uyğun olaraq elektron məlumat mübadiləsi sistemi üzərində qurulması işlərinə başlandığını diqqətə çatdırıb.
O, tezliklə istifadəyə veriləcək yeni sistemin əlilliyi olan şəxslər, onların xəstəlikləri barədə dolğun məlumat bazasını formalaşdıracağını, bu sahəyə birbaşa və çevik nəzarət imkanları yaradacağını bildirib.
“Hazırlanmış müvafiq proqram təminatı əsasında əlilliyin müəyyən olunması proseduru və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsi tam avtomatlaşdırılacaq”,- deyə nazir qeyd edib.
R.Babayev