Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti Los-Ancelesdə nümayiş etdiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tamaşa oktyabrın 11-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkənin Los-Ancelesdəki baş konsulluğunun təşkilati dəstəyi ilə göstəriləcək.
Dörd pərdəli “Yeddi gözəl” baletinin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuli Slonimski və Sabit Rəhman tərəfindən yazılıb. İlk səhnələşdirmənin xoreoqrafı görkəmli sovet baletmeystri Pyotr Qusevdir. Baletin premyerası 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.
A.Zeydullayeva