Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı Həsən Həsənovun ailəsinə qaytarılmasına yardım etmək təklifi ilə çıxış edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə təşkilatın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlahə Hüseynova məlumat verib.
“BQXK cəsədin ailəsinə qaytarılmasına yardım etməyi təklif edib. Hazırda Ermənistan tərəfi ilə saxlanılan şəxslərlə görüşün təşkili və cəsədin qaytarılmasına dair danışıqlar aparılır”, - deyə o bildirib.
Üç azərbaycanlı - Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov bu il iyulun 10-da işğal altında olan Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Ermənistanın informasiya resursları iddia edirlər ki, bu şəxslər Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləridir.
Azərbaycanın Müdafiə Nazirliyi isə onların respublikanın Silahlı Qüvvələrinə heç bir aidiyyətinin olmaması barədə bəyanat yayıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin bəyanatına əsasən, təşkilat girov götürülən azərbaycanlılarla görüşün təşkil edilməsi üçün Ermənistan tərəfi ilə danışıqlar aparır. Lakin BQXK-nın Ermənistan hakimiyyətinə müraciəti indiyədək heç bir nəticə verməyib.
Cümə axşamı H.Həsənovun ailəsi BQXK nümayəndələrinin Xankəndidə çəkdiyi fotolarda onu tanıyıblar.
F.İsazadə