Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəyi (TürkAzDer) Xocalı soyqırımının tanıdılması ilə əlaqədar bir sıra bələdiyyə rəhbərlərinə müraciət məktubu göndərib. Bu barədə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Manisa şəhər bələdiyyəsinə və Turqutlu, Salihli, Alaşehir, Sarıgöl, Kula, Selendi və Aliağa bələdiyyələrinə ünvanlanmış məktubda Xocalı soyqırımı haqqında məlumat verilir.
Diaspor təşkilatı bələdiyyə sədrlərinə müraciətdə bildirir ki, bələdiyyə məclislərində Xocalıda yaşananların soyqırım olaraq tanınması ilə bağlı çıxarılacaq qərarlar, bələdiyyənin sərhədləri daxilində prospekt, küçə və parklara "Xocalı" adının verilməsi və Xocalı soyqırımının xatırladılması məqsədi ilə abidələrin ucaldılması soyqırımı izah etmək və ağrıları az da olsa paylaşmaq baxımından son dərəcə əhəmiyyətlidir.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. İndiyədək görünməmiş qəddarlıq nəticəsində 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 8 ailə tamamilə məhv edilib, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
R.Babayev