Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.
Milli Fəaliyyət Planının mətni cümə günü rəsmi mətbuatda dərc edilib.
Milli Fəaliyyət Planının məqsədi və həyata keçirilməsi prinsipləri aşağıdakılardır: şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması; insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması; şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi.
Bundan başqa, sənəddə insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması; insan alveri qurbanlarının müdafiəsi, hüquqlarının bərpası və sosial reabilitasiyasının təmin edilməsi; insan alveri qurbanlarının və potensial qurbanlarının həyat səviyyəsinin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur.
İnsan alverinə qarşı mübarizə aparan bütün qurumlar Milli Fəaliyyət Planı üzrə müəyyən olunmuş tədbirləri aşağıdakı prinsipləri rəhbər tutmaqla həyata keçirirlər: insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması; insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi; insan alverinə görə cəzanın labüdlüyü; hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, həmçinin insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi.
Həmçinin sənəddə insan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi, insan alveri cinayətlərinin təqibi həmin cinayətlərin müəyyən edilməsi, insan alverçisinin ifşa olunması, ona ittiham irəli sürülməsi, insan alveri qurbanlarının
reabilitasiyası və reinteqrasiyası , insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi, insan alveri qurbanlarının müdafiəsi kimi bəndlər nizama salınır. Bundan başqa, Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi, əməkdaşlığın inkişafı, insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə, Milli Fəaliyyət Planının maliyyələşdirilməsi öz əksini tapıb.
F.İsazadə