Vergilər Nazirliyi Azərbaycanda əmək müqavilələrini elektron informasiya sisteminə daxil etmək üçün vergi ödəyicilərinə kömək edəcək. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Azərbaycanda əmək müqavilələrinin yeni elektron qeydiyyat sisteminin tətbiqinə 2014-cü il iyulun 1-də başlanılıb.
“Əmək müqavilələrini ödənişsiz qaydada elektron informasiya sisteminə daxil etmək üçün vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edə bilərlər”, - deyə məlumatda qeyd edilir.
Vergi ödəyiciləri bu köməyi Bakıda və Azərbaycanın regionlarında vergi mərkəzlərindən ala bilərlər.
Xəbər verildiyi kimi, əmək müqavilələrinin elektron sistemə tam inteqrasiyası üç ay ərzində başa çatmalıdır. Bu müddət ərzində bütün işəgötürənlər əmək müqavilələrinin yeni sistemdə qeydiyyatını həyata keçirməlidirlər.
Beləliklə, 2014-cü il oktyabrın 1-dək Azərbaycanda əmək kitabçaları aktuallığını itirəcək və qüvvədən düşəcək.
İnzibati Xətalar Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, işçilərlə əmək müqaviləsi bağlamamış fiziki şəxslər 1-3 min manat, vəzifəli şəxslər 3-5 min manat, hüquqi şəxslər 20-25 min manat məbləğində cərimə olunacaqlar.
İnformasiya sisteminə nəzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilir.
A.Əzizov