2014-cü ilin I yarısında Azərbaycanın informasiya, rabitə və poçt sektorunun inkişafına ümumi investisiya qoyuluşları 62,5 mln. manat və ya iqtisadiyyata bütün investisiya qoyuluşlarının 0,8%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) məlumat verilib.
Hesabat dövründə nazirliyin strukturuna daxil olan dövlət müəssisələrinin investisiyaları 30,3 mln. manat təşkil edib.
Nazirliyin məlumatına görə, 2014-cü ilin I yarısında Azərbaycanda rabitə, informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt müəssisələrinin gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 13% - 761,8 mln. manatadək artıb.
Hesabat dövründə İKT sektorunda artım 12,8%, informasiya texnologiyaları sektorunda (İT) 11,4%, poçt sektorunda 8,7%, informasiya sektorunda 27,7% təşkil edib. Bununla yanaşı, bu dövr ərzində informasiya, rabitə və poçt sahəsində bütün gəlirlərin 78,2%-i qeyri-dövlət müəssisələrinin payına düşüb.
Nazirliyin məlumatına əsasən, ÜDM strukturunda rabitə sektorunun xüsusi çəkisi 1,7% təşkil edib. Qeyri-neft ÜDM-in strukturunda 3,1% İKT, rabitə və poçt sektorunun payına düşüb.
N.Abbasova