Cümə günü Bakıda R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi və Belarus Respublikasının Milli Bədii Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Belarus Respublikasının Milli Bədii Muzeyinin direktoru Vladimir Prokoptsov bəyan edib ki, müqavilənin imzalanması hər iki ölkənin muzeylərinin həyatında əlamətdar hadisədir.
“Azərbaycanla əməkdaşlıq və dostluq bizim üçün hər zaman vacib olub. Xalqlarımız üçün mədəni əməkdaşlıq xüsusilə dəyərlidir”, - deyə V.Prokoptsov bildirib.
O, həmçinin qeyd edib ki, reallaşdırılan layihəyə əsasən, rəhbərlik etdiyi muzey 2018-ci ildə Minskdə muzey məhəlləsi olacaq.
“Əməkdaşlığımız bizə təcrübə, kadr mübadiləsi aparmağa və müxtəlif tədbirlər həyata keçirməyə imkan yaradacaq”, - deyə Belarusun nümayəndəsi bildirib.
“Azərbaycan Dövlət İncəsənət Muzeyi Azərbaycanın hüdudlarından kənarda da məşhurdur. Azərbaycan tərəfi bu muzeydə gözəl mühit yaratmağa müvəffəq olub”, - deyə V.Prokoptsov qeyd edib.
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev imzalanan sənəd çərçivəsində nəzərdə tutulmuş planların tezliklə reallaşacağına ümid etdiyini bildirib.
Müqavilə mədəniyyət və incəsənət sahəsində, xüsusilə sərgilərin keçirilməsi, muzey sahəsində konfrans, seminar, simpozium və təlimlərin təşkili, daşınan mədəni dəyərlərin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqun yaradılması üzrə təcrübə mübadiləsi, muzey işçilərinin ixtisaslarının artırılması, fandreyzinq və marketinq, muzey işi sahəsində müasir texnologiyaların tətbiqi, beynəlxalq proqram və layihələr çərçivəsində əməkdaşlığı nəzərdə tutur.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qeyd edib ki, bu gün Azərbaycanda 250 muzey var.
“Son illər ərzində respublikada muzeylərin sayı 250-dək artıb. Bu yaxınlarda isə yenidən inşa edilmiş 19 muzeyin açılışı olub”, - deyə S.Məmmədəliyeva bildirib.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycan prezidenti İlham Əliyev muzey işinin inkişafı sahəsində 10-dan artıq fərman imzalayıb.
Azərbaycan və Belarus arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələsinə toxunan S.Məmmədəliyeva qeyd edib ki, iki ölkə arasında əlaqələr respublikaların müstəqillik əldə etməsindən sonra daha da inkişaf edib.
“Son zamanlar Belarusda Azərbaycan bəstəkarlarının musiqisi əsasında iki tamaşa səhnələşdirilib. Bunlar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası və Fikrət Əmirovun “Min bir gecə” baletidir. Tamaşalar teatrların repertuarına daxil edilib”, - deyə nazir müavini vurğulayıb.
O, həmçinin məlumat verib ki, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Belarusda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak edirlər.
A.Zeydullayeva