Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə başlanmış cinayət işinin istintaqını davam etdirir. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Cinayət işi dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınma ilə bağlı şübhələrin olması ilə əlaqədar Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergi ödəməkdən yayınma) və 311.3.3-cü (rüşvət alma) maddələri ilə açılıb.
İstintaq zamanı “Sevil Massivi”MTK-nın təsisçisi və direktoru Aynur Zeynalov və Elçin İsmayılovun 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayındıqları müəyyən edilib. Həmçinin onlar qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə ediblər. Bununla əlaqədar həmin şəxslərə Cinayət Məcəlləsinin 192.2.2 və 213.2.2-ci maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.
Məlumata görə, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi planlaşdırılırdı.
Hazırda “Sevil Massivi” MTK-da tikinti və satış işləri dayandırılıb.
R.Babayev