2014-cü ilin I yarısında Azərbaycanda 13 mindən çox vətəndaşa sosial-məişət xidməti göstərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Hesabat dövründə rayon (şəhər) ƏSMM-lərinin Sosial-məişət xidməti sektorları tərəfindən 11007 nəfəri 70 yaşdan yuxarı, 2199 nəfəri 70 yaşdan aşağı olan ümumilikdə 13206 nəfərə evlərində sosial-məişət xidməti göstərilib.
Cari ilin 6 ayı ərzində 88 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyində olan sosial xidmət müəssisələrinə yerləşdirilib. Beləliklə, hazırda bu müəssisələrdə ümumilikdə 1025 nəfər tam dövlət təminatındadır.
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün 3 saylı və 7 saylı internat evlərindən 13 nəfər ailələrinə verilib.
R.Babayev