SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neftqaztikinti” tresti “Bulla-dəniz” yatağında 6 saylı stasionar dəniz özülündə tikinti-quraşdırma işlərinə başlayıb. Bu barədə SOCAR-ın rəsmi saytında deyilir.
“6 saylı dəniz özülü 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulacaq. “Neftqaztikinti” trestinin “Zığ” istehsalat sahəsində 2 ədəd dayaq bloku, 1 ədəd aralıq seksiyası hazırlanıb. Qalan 8 ədəd dayaq bloku və 10 ədəd aralıq seksiyası “BOS Şelf” MMC-də hazırlanır”, - deyə məlumatda qeyd edilir.
Dənizdə özülün quraşdırılması işlərinə 2014-cü ilin avqust ayında başlanacaq.
Özülə istehsalat və yaşayış blokları daxil olacaq. Ümumi sahəsi 3940 kvadratmetr olan istehsalat hissəsində üç tərəfdən minik və yanalma meydançaları inşa ediləcək. Ümumi sahəsi 750 kvadratmetr nəzərdə tutulan yaşayış hissəsi istehsalat sahəsi ilə hər birinin uzunluğu 47 metr olan 2 ədəd piyada körpüsü ilə birləşdiriləcək. Yaşayış blokunda iki tərəfdən minik meydançaları və 42 yerlik xilasedici qayıq quraşdırılacaq.
Xəbər verildiyi kimi, 6 nömrəli stasionar dəniz özülünün tikinti layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanıb. İnşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” trestidir
Şirkətin proqnozlarına əsasən, özüldən sutkada 600 ton kondensat və 2 mln. kubmetr qaz hasil olunacaq.
“Bulla-dəniz” yatağı 1973-cü ildə kəşf edilib və 1975-ci ildə istismara verilib. Yataq N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin balansındadır.
N.Abbasova