2014-cü ilin birinci yarısında cəza çəkməkdən azad edilmiş və tibbi və sosial yardıma ehtiyacı olan 1901 nəfər minimum əmək haqqının dörd misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Qeyd olunan şəxslərə yardım nazirliyin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən göstərilib.
Eyni zamanda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən 1553 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.
Ermənistanın müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən 508 nəfərə kompensasiya verilib.
R.Babayev