Kompüter və avadanlıq istehsalçıları bu sahənin inkişafına yönəlmiş təkliflər paketi hazırlayacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Nazirlikdə kompüter və elektron avadanlıq istehsalı üzrə İşçi Qrupun ilk iclası keçirilib.
"İclasda müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib, təmsil etdikləri müəssisələr haqqında məlumat verərək sahənin inkişafına dair müxtəlif təkliflər səsləndiriblər. İclasın sonunda kompüter və elektron avadanlıq sənayesi üzrə İşçi Qrupun növbəti iclasına qədər istehsalçılar tərəfindən təkliflərin təqdim olunması qərara alınıb. Onların fikrincə, bu təkliflər qeyd olunan sahənin inkişafına təkan verəcək.
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.
A.Əzizov