30 iyul 2014-cü il tarixindən etibarən Azərbaycanda uçot dərəcəsi 4,25%-dən 3,5%-ə endirilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir.
Bu qərar AMB-nin İdarə Heyəti tərəfindən qəbul edilib.
Xəbər verildiyi kimi, sonuncu dəfə uçot dərəcəsinə 1 may 2014-cü il tarixində baxılmış və 4,75%-dən 4,25%-ə qədər azaldılmışdı.
Məlumata görə, AMB makroiqtisadi sabitliyin təmin edilməsinə yönəlmiş pul siyasətini davam etdirir. Cari ilin birinci yarısında ölkədə iqtisadi artım 2,1% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 7% artıb. Orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azalaraq 1,6%-ə enib.
"İnflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə Mərkəzi Bank 30 iyul 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4,25%-dən 3,5%-ə endirilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, AMB-nin qərarı ilə iyulun 30-dan faiz dəhlizinin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0,5%-dən 0,1%-ə endirilib. Bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları isə 3%-dən 2%-ə endirilib.
A.Əzizov