Asiya İnkişaf Bankı (AİB) 2015-ci ildə Azərbaycanın avtomobil yolu sektorunun inkişafı üzrə $250 mln. məbləğində üçüncü çoxtranşlı maliyyələşdirmə proqramını (MFF) təsdiq etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın ölkədəki nümayəndəliyindən məlumat verilib.
“Azərbaycanın avtomobil yolu sektorunun inkişafı üzrə üçüncü MFF proqramının gələn il təsdiq edilməsi planlaşdırılır. Proqram $250 mln. məbləğində qiymətləndirilir. Azərbaycanda proqram çərçivəsində 1-2 layihə maliyyələşdirilə bilər”, - deyə bankıın nümayəndəsi bildirib.
O qeyd edib ki, MFF-3 çərçivəsində maliyyələşdirilə biləcək layihələr hələlik müəyyən edilməyib və Azərbaycan hökuməti ilə bu layihələrə dair məsləhətləşmələr davam edir.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 1999-cu ildən AİB ölkədə 20 layihənin həyata keçirilməsi üçün ümumilikdə $1 mlrd. 637,4 mln. məbləğində kredit ayırıb. Bu vəsaitin $697,5 mlrd.-ı sərf edilib. AİB-in kreditlərinin 46,26%-i nəqliyyat və informasiya texnologiyaları, 33,9%-i su təchizatı, bələdiyyə infrastrukturu və xidmətlərin yaxşılaşdırılması, 11,42%-i energetika, 7,08%-i maliyyə, 1,34%-i təbii ehtiyatlar və kənd təsərrüfatı sahələrinə yönəldilib.
A.Əzizov