Qəzza zolağında keçirilən əməliyyatda iştirak edən İsrail hərbçilərinin bəzi hərəkətləri beynəlxalq hüququn müddəalarına ziddir. Bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarı
Navi Pillay cümə axşamı bəyan edib.
Qərb mətbuatının məlumatına əsasən, o, Qəzza zolağında məktəblərə, xəstəxanalara, yaşayış evlərinə və BMT-nin obyektlərinə zərbələrin endirilməsini tənqid edib.
“Bütün bunlar təsadüf kimi görünmür. Bu, İsrailin beynəlxalq hüquq normaları ilə bağlı öhdəliklərinin qəsdən pozulmasıdır”, - deyə N.Pillay qeyd edib.
Xatırladaq ki, İsrail hərbçiləri iyulda Qəzza zolağında döyüşçülərə qarşı əməliyyata başlayıblar. İsrail hökuməti vurğulayıb ki, əməliyyat fələstinlilərin endirdikləri raket zərbələrinə cavabdır.