Azərbaycanlı uşaqlar avqustun 4-dən 24-dək Həştərxan vilayətində mədəni-sosial layihədə iştirak edəcəklər. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Həştərxan vilayəti, Kalmıkiya Respublikası, Azərbaycan və Qazaxıstandan olan 100-dən artıq istedadlı uşaq “Yay yaradıcılıq məktəbi” adlı birgə mədəni-sosial layihədə iştirak edəcəklər.
Bu uşaqlar nüfuzlu beynəlxalq, Rusiya, respublika və vilayət müsabiqə və festivallarının laureatları və diplomçularıdır.
Layihədə Rusiyanın ən yaxşı pedaqoqları iştirak edirlər. Onların arasında Maymonid adına Dövlət Klassik Akademiyasının klassik gitara kafedrasının dosenti və Nijeqorod konservatoriyasının xalq çalğı alətləri kafedrasının müəllimi Rövşən Məmmədquliyev də var.
Təhsil 7 ixtisas üzrə aparılacaq: “Xalq çalğı alətləri”, “Nəfəsli alətlər”, “Təsviri incəsənət”, “Dekorativ-tətbiqi incəsənət”, “Xoreoqrafiya sənəti”, “Xor ifası” və “Teatr yaradıcılığı”. Layihə çərçivəsində ustad dərsləri, açıq dərslər, konsertlər, səyyar plenerlər və s. keçiriləcək.
A.Zeydullayeva