Azərbaycan Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində gənclərin səmərəli məşğulluğunun təminatı məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bununla əlaqədar BƏT-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan məktubda bildirilir ki, gənclərin məşğulluğunun təminatı BƏT-in fəaliyyətinin əsas tezislərindən biridir və üzv ölkələrdə bu sahədə aparılan siyasət və həyata keçirilən proqramlar təşkilat tərəfindən diqqətlə izlənilərək qiymətləndirilir.
BƏT gənclərin əmək bazarında məşğulluğunun təmin edilməsi istiqamətində Azərbaycanın uğurlu təcrübəsini müsbət dəyərləndirir.
Xatırladaq ki, son illərdə Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi 10 lider ölkə sırasına da daxil edilib.
R.Babayev