Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva dünya birliyini kənara çəkilərək Bakıya Qarabağ problemini öz gücü ilə həll etməyə imkan verməyə çağırır.
“Qoy dünya birliyi kənara çəkilsin, Azərbaycan Rusiyanın Çeçenistanda və Ukraynanın ölkənin şərqində separatçılara qarşı apardığı kimi mübarizə aparacaq. Lakin onlar kənara çəkilmək istəmirlər. Qoy çəkilsinlər və Azərbaycanla Ermənistanın münaqişəni özlərinin həll etməsinə imkan versinlər”, - deyə A.Mustafayeva AMEA İnsan Hüquqları İnstitutu, Xarici İşlər Nazirliyi və Rumıniyanın Bakıdakı səfirliyinin təşkil etdiyi “NATO-nun 2014-cü il Uels sammiti: proqnozlar və perspektivlər” mövzusunda tədbir çərçivəsində jurnalistlərə bəyan edib.
A.Mustafayeva ABŞ-ı tanınmamış “Dağlıq Qarabağ Respublikası” hakimiyyəti ilə əlbir olmaqda ittiham edib.
“Biz bilirik ki, Qarabağ problemi Azərbaycanın sağalmaz yarasıdır. Bu gün biz yenidən ikili standartların şahidi oluruq. Necə olur ki, Ukrayna məsələsi ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edilir, 20 ildən çoxdur Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı isə yox? Əksinə, biz onlara (ermənilərə - İF-Az) o cümlədən də ABŞ tərəfindən köməyin göstərildiyinin şahidi oluruq. Azərbaycan ərazilərində terror məkanı təsis edən tanınmamış “Dağlıq Qarabağ Respublikası”na yardım edildiyini görürük”, - deyə o bildirib.
A.Mustafayeva vurğulayıb ki, dünya birliyinin Qarabağ münaqişəsinə bu cür münasibət göstərməsi ölkə ictimaiyyətində təəccüb doğurur.
“İnsanlar çaşqınlıq içərisindədir. Aİ və ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qərarlar qəbul edilir. BMT-nin baş katibi Pan Gi Mun isə Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırır. Məgər Azərbaycan onu pozur?”, - deyə vurğulayan A.Mustafayeva qeyd edib ki, atəşkəs rejimi Azərbaycanı təhrik etmək və beləliklə də Bakını ittiham etmək üçün səbəb yaratmaq məqsədilə pozulur.
“Bu gün Azərbaycan öz ərazilərində mübarizə aparmağa hazırdır”, - deyə deputat bildirib.
F.İsazadə