Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasına dair qərar və qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi üzrə konkret addımların atılması çağırışı ilə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Ukrayna azərbaycanlıları Azərbaycan dövlətinin regionda sülhün təmin olunmasına yönəlmiş siyasətini dəstəkləyir, münaqişənin dinc yolla həll olunmasının, yüksək səviyyədə razılığın əldə edilməsinin tərəfdarıdır” - deyə BUAK-ın sədri Rövşən Tağıyevin imzası ilə BMT, Avropa İttifaqı, Avropa Şurası, xüsusən də ATƏT-ə, həmçinin digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə qeyd olunub.
Sənəddə Ukraynada yaşayan azərbaycanlıların son günlər Azərbaycanın işğal olunmuş torpaqlarındakı təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatdan ciddi narahat olduqları vurğulanır.
Bəyanatda Ermənistan silahlı qüvvələrinin təmas xəttində insan tələfatına səbəb olan təxribatları ilə əlaqədar ciddi ölçü götürülməsinin vacibliyi ilə bağlı beynəlxalq təşkilatlara çağırış öz əksini tapıb.
BUAK beynəlxalq ictimaiyyəti Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.
R.Babayev