Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “Azərpoçt” MMC-nin Kürdəmir rayon filialının mərkəzi poçt şöbəsinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə açılan cinayət işinin ilkin istintaqını yekunlaşdırıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
İstintaq zamanı müəyyən olunub ki, filialın mərkəzi poçt şöbəsinin müdiri Elsevər Usubov qulluq mövqeyindən istifadə edərək filialın əməkdaşı Zaur Cəbrayılovla əlbir olub vətəndaşlara ünvanlı dövlət sosial yardım ödənişlərini həyata keçirmək üçün sərəncamına verilmiş pul vəsaitlərinin sərf edilməsinə dair hesabata tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə yekun rəqəmlərin qəsdən şişirdilməsi hesabına yaranmış 12 min 105 manat məbləğində özgə əmlakını mənimsəyib talamaqla dövlətə külli miqdarda ziyan vurub.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
R.Babayev