Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması bilavasitə Ermənistanın mövcud status-kvonu qoruyub saxlamaq cəhdi ilə əlaqədardır. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bəyan edir.
“Cəbhə xəttində gərginliyin artmasını bir neçə səbəblə izah etmək olar. İlk növbədə hazırkı gərginlik Ermənistanın mövcud status-kvonu qoruyub saxlamaq siyasətinin tərkib hissəsi kimi başa düşülməlidir”, - deyə Ə.Həsənov jurnalistlərə müsahibəsində bəyan edib.
O, həmçinin qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri 20 il əvvəl olduğu kimi deyil və regionun ən güclü ordusudur.
“Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir”, - deyə Ə.Həsənov vurğulayıb və əlavə edib ki, münaqişə edən dövlətlərin qoşunlarının təmas xəttində baş verən son hadisələr Azərbaycan Silahlı Qüvvələrinin gücünü aydın nümayiş etdirdi.
“Erməni işğalçıları əmin oldular ki, onların qarşısında 1990-cı illərin əvvəllərində olduğu kimi pərakəndə hərbi dəstələr deyil, peşəkar, ən müasir silahlarla təchiz olunmuş döyüşkən nizami ordu dayanıb”, - deyə o vurğulayıb.
Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri avqustun əvvəlində Ermənistan silahlı qüvvələri tərəfindən ordunun ön cəbhədəki hissələrinə qabaqcadan planlaşdırılmış basqınlara layiqli cavab verib.
“Qeyd etmək lazımdır ki, erməni təxribatçı qrupların basqın cəhdləri qabaqcadan planlaşdırılmış aksiya olub. Lakin buna baxmayaraq, onlar qarşılarına qoyduqları məqsədə nail olmayıblar və ciddi itkilər verərək geri çəkiliblər”, - deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, İrəvan Ermənistan əhalinin mümkün narazılığının qarşısını almaq məqsədilə itkilərin sayını gizlədir.
“Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı qondarma rejim daxildə ictimai narazılığın artacağını və cəmiyyətin ciddi təzyiqlərinə məruz qalacaqlarını bildiklərindən, öz itkilərinin miqyası barədə obyektiv informasiya verməkdən çəkinirlər. Bizə məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin sayıqlığı və adekvat cavabları nəticəsində ermənilər böyük itki veriblər. Hətta sərt senzura şəraiti olsa belə, Ermənistanın informasiya resursları onlarla hərbi qulluqçunun öldüyünü açıqlayıblar”, - deyə Ə.Həsənov vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə, həyata keçirilən təxribatların digər səbəbi erməni diasporunun və yerli ictimaiyyətin diqqətini ölkədə mövcud sosial-iqtisadi problemlərdən yayındırmaqdır.
“Hər kəsə məlumdur ki, həyata keçirdiyi işğalçılıq siyasətinin nəticəsi olaraq Ermənistan regionun siyasi, sosial-iqtisadi və mədəni həyatından təcrid olunmuş vəziyyətə düşüb. Ölkənin bütün iqtisadiyyatı əsasən Rusiyanın, kiçik bir hissəsi isə erməni lobbisinin və hakimiyyətdə təmsil olunmuş ayrı-ayrı mafioz şəxslərin nəzarətindədir. Heç bir daxili resursun, xarici investisiyanın olmadığı şəraitdə, habelə bütün regional layihələrdən kənarda qaldığı üçün onun inkişaf perspektivi də yoxdur. Buna görə də bu gün Ermənistan ciddi maliyyə sıxıntılarının, sosial və demoqrafik gərginliyin məngənəsindədir”, - deyə Ə.Həsənov qeyd edib.
“Ermənistan iqtidarı, erməni lobbisi başa düşməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, bu ölkənin və xalqın durumu daha da ağırlaşacaq. Faktiki dövlət müstəqilliyini itirmiş Ermənistan bir neçə ildən sonra bu itkini formal cəhətdən də rəsmiləşdirmək məcburiyyətində qalacaq”, - deyə o əlavə edib.
F.İsazadə