Azərbaycan Ordusu ölkə rəhbərliyinin onun qarşısına qoyduğu bütün hərbi tapşırıqları həll etmək iqtidarındadır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bəyan edib.
“Əgər qoşunların sayını, silahların növünü, ümumilikdə münaqişənin bizim ərazimizdə baş verdiyini və Azərbaycanın burada ermənilərlə müqayisədə daha güclü hərbi dəstələr toplamaq iqtidarında olmasını nəzərə alsaq, o zaman əlbəttə ki, ordumuz qarşısına qoyulan hərbi tapşırıqları həll edə bilər”, - deyə R.Musabəyov Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başlayacağı halda Ermənistan-Azərbaycan cəbhəsində vəziyyətin mümkün inkişafına dair sualı şərh edərkən vurğulayıb.
Onun sözlərinə görə, məsələ “hansı itkilərin hesabına və nə qədər tez” olmasından ibarətdir.
“Bu iki məqam son dərəcə mühüm, hətta ola bilsin ki, əsas rol oynayır. Çünki qarşıya qoyulan tapşırıqların hansı itkilər hesabına və hansı müddətə həll olunacağından asılı olaraq həmin əməliyyatların siyasi dəyəri müəyyən edilir. Çoxlu sayda əsgər öldürərək böyük çətinliklə cəbhədə kiçik uğurlar qazanmaq mümkündür. Nəticədə isə diplomatiya və nüfuz baxımından daha çox şey itirmək olar”, - deyə R.Musabəyov qeyd edib.
8-9 avqust tarixlərində Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin keçirilməsi gözlənilən görüşünü şərh edən deputat qeyd edib ki, görüşün baş tutub-tutmayacağı məlum deyil.
“Bu görüşün təşəbbüskarları Vladimir Putinin həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşəcəyini bildirirlər. Düşünürəm ki, onun həmkarları ilə söhbətlərinin necə keçməsindən asılı olaraq onların görüşərək hansısa məsələni müzakirə etməsi perspektivi yaranacaq”, - deyə R.Musabəyov vurğulayıb.
R.Babayev