Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri Almaniyada keçirilən Qut-İmmlinq opera sənəti festivalında iştirak edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan bu mötəbər festivalda artıq yeddinci dəfə iştirak edir.
Festivala bu il Avropanın bir çox ölkələri, ABŞ, Çin, Yaponiya, Türkiyə - ümumilikdə 38 ölkədən musiqiçilər dəvət alıb.
Opera və Balet Teatrının orkestri avqustun 10-da festivalın qala-konsertində çıxış edəcək. Qala-konsertdə Avropa bəstəkarları ilə yanaşı, Azərbaycanın ölməz bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun əsərləri də ifa olunacaq.
Kollektivi festivalın bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk və Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.
A.Zeydullayeva