Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrinin Dağlıq Qarabağ ərazisi üzərində guya ermənilərə məxsus hərbi təyyarələrin qoşunların təmas xətti boyunca uçuşlar keçirməsi barədə yaydığı məlumatları əsassız adlandırıb.
“Bu məlumatların heç bir əsası yoxdur və məqsədyönlü dezinformasiya xarakteri daşıyır”, - deyə nazirliyin mətbuat xidmətindən bəyan ediblər.
“Müdafiə Nazirliyi bildirir ki, ölkənin bütün hava məkanı Hərbi Hava Qüvvələrimizin tam nəzarəti altındadır”, - deyə məlumatda vurğulanır.
Nazirlik xatırladır ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarlarına əsasən işğal olunmuş ərazilər üzərində bütün aviauçuşlara qadağa qoyulduğundan bu ərazilərdə həyata keçirilən razılaşdırılmamış uçuşlar Azərbaycanın hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək.
“Hava sərhədlərimizi pozanlara qarşı zərbə endirmək üçün Azərbaycan Hərbi Hava Qüvvələri ən müasir vasitələrə malikdir. Belə hal baş verdikdə həmin hava hədəfləri Azərbaycan Respublikasının hərbi aviasiyası və hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal məhv ediləcək”, - deyə Müdafiə Nazirliyinin bəyanatında vurğulanır.
R.Babayev