Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyevə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 70 hektar sahəni əhatə edən yeni qəsəbədə 632 ev, 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və poçt binası tikilib.
Qəsəbəyə Ağdam rayonunun “Dörd yol” adlanan ərazisində yeraltı qazmalarda, qamış və çiy kərpic daxmalarda ağır şəraitdə yaşayan 632 ailə və ya 3100 ağdamlı məcburi köçkün köçürüləcək.
Baş nazirin müavininin sözlərinə görə, mənzillərdən 50-si birotaqlı, 296-sı ikiotaqlı, 242-si üçotaqlı, 44-ü isə dördotaqlıdır. Yeni qəsəbənin tikintisinə cari ilin fevralında başlanılıb.
Dövlət başçısı qəsəbədəki uşaq bağçası və məktəb binası ilə tanış olub.
Prezident Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və onların qarşısında çıxış edib.
R.Babayev