Azərbaycan diaspor təşkilatları beynəlxalq qurumlara, xarici ölkələrin dövlət və hökumət başçılarına Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən müraciət ünvanlayıblar. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
Xüsusilə Rusiya (Ümumrusiya Azərbaycan Konqresi - İF-Az), Belarus, Türkiyə, Litva və Polşada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 20 ildən artıq müddətdə Azərbaycanın 20% ərazisini işğal altında saxlayan Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsi tələbi ilə çıxış ediblər.
Müraciətlərdə diaspor təşkilatlarımız həmvətənlərimiz adından son günlər Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması və Azərbaycan ərazilərində dinc əhalinin və hərbçilərimizin atəşə tutulması ilə əlaqədar mövcud gərgin vəziyyətdən narahat olduqlarını bildiriblər.
Bununla əlaqədar müraciətlərin müəllifləri beynəlxalq təşkilatlar və dünya birliyindən Ermənistana qarşı ciddi sanksiyaların tətbiq edilməsini tələb edirlər.
R.Babayev