İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi cümə axşamı Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, İranın dövlət başçısının səfəri zamanı imzalanacaq müqavilələrin layihələri üzərində iş üç ay ərzində başa çatacaq.
M.Vaezi İranın səhiyyə naziri və Gömrük İdarəsinin rəhbərinin də Azərbaycana səfər edəcəkləri barədə məlumat verib.
İranlı nazir investisiyaların qarşılıqlı qorunması və ikiqat vergiqoymanın aradan qaldırılması sahəsində Azərbaycanla birgə işin əhəmiyyətini qeyd edib. O, həmçinin İran sahibkarları üçün viza rejiminin sadələşdirilməsi təklifi ilə Azərbaycan hökumətinə müraciət edib. M.Vaezi Azərbaycan-İran birgə ticarət palatasının yaradılmasının vacibliyini vurğulayıb.
A.Axundov