İcbari Sığorta Bürosu (İSB) iki yol-nəqliyyat hadisəsi faktı ilə əlaqədar ümumilikdə 23,75 min manat kompensasiya ödəyib. Bu barədə İSB-nin məlumatında deyilir.
Birinci yol-nəqliyyat hadisəsi 2013-cü il oktyabrın 6-da Kürdəmir rayonunun Atakişili kəndi ərazisində baş verib. Həlak olanların ailələrinə 15 min manat məbləğində kompensasiya ödənilib. Xəsarətlərlə əlaqədar kompensasiyaların məbləği müvafiq olaraq 5,25 min manat təşkil edib.
İkinci yol-nəqliyyat hadisəsi 2013-cü il noyabrın 13-də Bakının Suraxanı rayonu ərazisində baş verib. Qəza nəticəsində bir nəfər həlak olub. Onun qohumlarına 3,5 min manat məbləğində kompensasiya ödənilib.
“Kompensasiyalar qeyri-nağd üsulla (poçt vasitəsilə) ödənilib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, İSB 2014-cü ilin I yarısında Azərbaycanda yol-nəqliyyat hadisələri zamanı zərərçəkmiş şəxslərə və həlak olanların ailələrinə ümumilikdə 73,26 min manat məbləğində kompensasiya ödəyib.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 15 sığorta şirkəti büronun üzvüdür.
Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu, büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.
Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin əmək qabiliyyətinin itirilməsinin icbari sığortası üzrə 100 min manat təşkil edir.
A.Axundov