Respublikanın ali məktəblərində plan yerləri 92% dolub. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü mətbuat konfransında məlumat verib.
“Ali məktəblərə qəbul imtahanlarının yekunları üzrə 33,713 min abituriyent 37,763 min plan yerinə daxil olub”, - deyə M.Abbaszadə bildirib.
Onun sözlərinə görə, I ixtisas qrupu üzrə 945, II qrup üzrə 1116, III qrup üzrə 981, IV qrup üzrə 1008 vakant yer qalıb.
TQDK sədri təəssüflə qeyd edib ki, elə abituriyentlər var ki, bütün qayda və tələbləri tam öyrənmədən ixtisas seçirlər. “Nəticədə onlar kənarda qalırlar”, - deyə o vurğulayıb.
İkinci şansdan istifadə etmək və vakant yerlərə daxil olmaq istəyənlər avqustun 8-dən 13-dək sənədlərini təqdim edə bilərlər.
“Vakant yerlərin sayı 4050 təşkil edib”, - deyə M.Abbaszadə qeyd edib.
Abituriyent ərizəsində 20-dək ixtisas qeyd etmək hüququna malikdir.
A.Zeydullayeva