Ukrayna aviaşirkətlərinin Rusiya ərazisindən istifadə etməklə Cənubi Qafqaz ölkələri və Türkiyəyə tranzit reyslərinin qadağan edilməsinə dair RF hökumətinin qərarı Azərbaycana təsir etməyəcək. Bu barədə “Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinin nümayəndəliyinin direktoru Maksim Rıjov bəyan edib.
“Hazırda Azərbaycana reyslərimizin marşrutu Rusiya ərazisindən keçmir”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
M.Rıjovun sözlərinə görə, aviaşirkətin təyyarələri Kiyevdən Cənubi Qafqaz istiqamətində uçuşları Odessa və daha sonra Türkiyə ərazisindən istifadə etməklə həyata keçirir.
Nümayəndəliyin direktoru, həmçinin qeyd edib ki, antiterror əməliyyatlarına başlanandan aviaşirkətin təyyarələri Ukraynanın şərq hissəsi üzərindən də uçuşlar həyata keçirmir.
Rusiyanın baş naziri Dmitri Medvedev cümə axşamı bəyan edib ki, Rusiya Ukrayna aviaşirkətlərinin RF-nin hava məkanından istifadə etməklə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərinə qadağa qoyur.
F.Hüseynzadə