Cümə günü Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlillərindən ibarət daha 100 nəfər Naxçıvan Avtomobil Zavodunda istehsal olunan «NAZ Lifan» markalı avtomobillə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Onlardan 32 nəfəri Böyük Vətən müharibəsi, 23 nəfəri Çernobıl AES, 45 nəfəri isə hərbi xidmət əlilidir.
Bu ilin aprel ayından bəri 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla 623 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsə, beləliklə, 2014-cü ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən artıq 1300 nəfərinə minik avtomobilləri verilib. Cari ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.
İndiyədək qeyd olunan təbəqələrdən olan 5106 nəfər əlilliyi olan şəxs dövlət hesabına xüsusi nəqliyyat vasitəsi ilə təmin edilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan prezidentinin 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən, 2014-cü ilədək mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, ümumilikdə 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçiriləcək.
R.Babayev