Raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etməyə qadirdir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab olaraq bildiririk ki, belə bir hadisə baş verərsə, Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaq”, - deyə nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Bəyanatda vurğulanır ki, Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.
“Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaq”, - deyə sənəddə qeyd edilir.
R.Babayev