Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cümə axşamı Azərbaycan hərbçilərinin ələ keçirdiyi erməni təxribatçı Karen Petrosyanın ölümü barədə onun ailəsinə məlumat verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi dövlət qurumlarından K.Petrosyanın ölümü barədə məlumat alıblar və Ermənistan tərəfinə və onun ailəsinə bu barədə məlumat veriblər”, - deyə İ.Hüseynova vurğulayıb.
O qeyd edib ki, indiki mərhələdə K.Petrosyanın cəsədinin erməni tərəfinə verilməsi məsələsi müzakirə olunmur.
Azərbaycan Ordusu cümə axşamı Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-təxribat qrupunun qoşunların təmas xəttini keçmək cəhdinin qarşısını alıb.
Düşmən qrupunun zərərsizləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində dəstənin 4 üzvü məhv edilib, daha bir üzvü, Berd rayonunun Çinari kənd sakini, 1989-cu il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən ələ keçirilib.
İlkin ehtimala görə, K.Petrosyanın ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
R.Babayev