Qarabağ münaqişəsi yaxın perspektivdə həll olunacaq məsələ deyil. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Moskva Dövlət Universitetinin nəzdində Postsovet məkanının öyrənilməsi üzrə İnformasiya-Analitik Mərkəzin baş direktoru Yuliya Yakuşeva bəyan edib.
“Gözləntilər (RF, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən - İF-Az) real idi. Əlbəttə, bu danışıqlar nəticəsində Qarabağ münaqişəsinin qəti həllini gözləmək sadəlövhlük olardı. Münaqişə zonasında gərginliyin və qarşılıqlı təhdidlərin səviyyəsinin kəskin azaldılmasına isə artıq indi nail olmaq lazımdır. Həm də yalnız yaxın zaman formatında deyil, strateji planda”, - deyə politioloq bildirib. Onun fikrincə, görüş tərəflərin müharibə həddindən konstruktiv dialoqa keçməyə hazır olduqlarını nümayiş etdirdi.
“Düşünürəm ki, bu, üçtərəfli danışıqların mümkün nəticələri arasında ən yüksək nəticədir”, - deyə Y.Yakuşeva vurğulayıb.
Eyni zamanda politoloq nəticədə münaqişənin yekun nizamlanmasına gətirib çıxaracaq formulun gələcək perspektivdə tapılmasını tam real hesab edir, lakin bunun üçün həm münaqişə tərəflərinin, həm də vasitəçilərin səyləri lazımdır.
“Realist olmaq lazımdır - münaqişənin “burada və indi” formatında həlli mümkün deyil. Lakin əgər Rusiya prezidenti birbaşa vasitəçi funksiyalarını üzərinə götürürsə, demək ki, onun İlham Əliyevə və Serj Sarqsyana söyləməyə sözü var. Gəlin ehtimal etməyək, lakin hesab edirəm ki, həm münaqişə tərəflərinin, həm də vasitəçilərin ardıcıl səyləri nəticə etibarilə bu münaqişənin qarşılıqlı münasib həlli formatına gətirib çıxara bilər. Ancaq vurğulayım ki, bu məsələ çətin ki, yaxın perspektivdə öz həllini tapsın”, - deyə o söyləyib.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.
F.Hüseynzadə