Ermənistanın Dağlıq Qarabağa dair BMT-nin qətnamələrini icra etmək istəməməsi və Qarabağ münaqişəsi zonasında son təxribatlar beynəlxalq birlik tərəfindən İrəvana qarşı sanksiyaların tətbiqinin zəruri olmasından xəbər verir. Bu barədə Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bəyan edib.
“Aİ beynəlxalq normalar pozulduğu hallarda, xüsusilə ərazi bütövlüyünün pozulması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün böyük imkanlara malikdir. Məhdudlaşdırıcı tədbirlər mexanizminin tətbiqi təcavüzkarları soyutmaq üçün universal alət olmalıdır”, - deyə o, Avropanın “Eureporter” nəşrinə müsahibəsində bildirib.
F.İsgəndərov xatırladıb ki, Avropa Parlamenti dəfələrlə Dağlıq Qarabağa dair bəyanatlar qəbul edib, həmçinin Şərq Tərəfdaşlığı məkanında bir ölkənin ərazisinin digər ölkə tərəfindən işğalının yolverilməz olduğunu bəyan edib.
“Hesab edirəm ki, Aİ-nin icraçı orqanı 500 mln. avropalının seçilmiş nümayəndələrinin siyasi prinsiplərinə riayət etməlidir”, - deyə diplomat vurğulayıb.
Bununla əlaqədar o, ötən ilin iyul ayından etibarən Aİ nümayəndələrinin respublikada insan hüquqları ilə bağlı vəziyyətin əsassız tənqid olunduğu 9 bəyanatla çıxış etməsindən, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinin dəstəklənməsinə dair isə bir sənədin belə olmamasından təəssüfləndiyini bildirib.
F.Hüseynzadə