Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qaregini Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarması üçün Ermənistan hakimiyyətinə təsir göstərməyə çağırır. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilir.
“Azərbaycan və erməni xalqları arasında sülh və etimadın bərpası üçün biz sizi öz nüfuzunuzdan istifadə edərək Ermənistan hakimiyyətinə təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam mövqe tutsunlar”, - deyə QMİ sədri A.Paşazadənin bütün ermənilərin katolikosuna ünvanladığı məktubda deyilir.
Sənəddə qeyd olunur ki, QMİ ermənilərin katolikosunun Azərbaycanın işğal olunmuş ərazilərindəki təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması ilə bağlı məktubu ilə tanış olub.
“Hərbçilərin ölümünə və sərhədyanı ərazilərdə yaşayan insanların dinc həyatının pozulmasına gətirib çıxaran bu gərgin vəziyyətdən narahatlığınızı tam bölüşürük. Lakin təəssüflə diqqətinizə çatdırmaq istəyirik ki, sizin dediyiniz bütün bu atışmalar və təxribatlar Azərbaycan ərazilərində baş verir. Ermənistan qoşunlarının atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərləri və bizim dinc sakinlərimiz həlak olur və ağır yaralanırlar. Ürək ağrısı ilə sizə xəbər veririk ki, son günlərdə erməni hərbçiləri Azərbaycanın sərhəd kəndlərində 3 uşağı ağır yaralayıblar”, - deyə A.Paşazadə vurğulayıb.
İnsan həyatına qəsd etməyin böyük günah olduğunu qeyd edən QMİ sədri “nəinki bu tip təxribatlara, ümumiyyətlə, uzun sürən müharibəyə və ərazi münaqişəsinə son qoymağa”, həmçinin Ermənistan rəhbərliyini Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində konstruktiv mövqe tutmağa çağırıb.
“Uca Yaradanın iradəsi ilə qonşu olmuş xalqlarımız arasında ədalətli və möhkəm sülhün bərqərar olması üçün erməni siyasətçiləri nəhayət, konstruktiv mövqe tutmalı və bunun üçün lazımi iradəni göstərməlidir. Bu cür yanaşma, ən əvvəl erməni xalqının öz mənafeyinə uyğundur”, - deyə müraciətdə deyilir.
QMİ sədri qeyd edib ki, Azərbaycan xalqı birmənalı şəkildə sülhün, mehriban qonşuluq münasibətlərinin eləcə də beynəlxalq hüququn bütün bölgədə bərpa olunmasına tərəfdardır.
“Bunun üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, qaçqın və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qaldırıla və çoxdan gözlənilən daimi sülh bərqərar oluna bilər. Azərbaycan xalqı artıq 20 ildən çoxdur təmkin və hövsələ nümayiş etdirərək Qarabağ probleminin həllini gözləyir”, - deyə A.Paşazadə vurğulayıb.
Qafqaz müsəlmanlarının dini lideri Azərbaycan dövlətinin sülhməramlı çağırışlarının hələ də Ermənistan tərəfindən eşidilmədiyinə təəssüflənib.
“Əksinə, Ermənistan qoşunları nəinki işğalı davam etdirir, həm də sistematik olaraq atəşkəsi pozur və dinc sakinləri öldürürlər. Azərbaycan və erməni xalqları arasında sülh və etimadın bərpası üçün biz sizi öz nüfuzunuzdan istifadə edərək Ermənistan hakimiyyətinə təsir göstərməyə çağırırıq ki, onlar öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarsınlar və sülh danışıqlarında sağlam mövqe tutsunlar. Biz bu gün Uca Yaradana üzümüzü tutaraq bölgədə möhkəm sülh və sabitliyin yaranması üçün dua edirik və ümid edirik ki, din xadimlərinin sülhsevər təşəbbüsləri xalqlarımıza fayda gətirəcək”, - deyə A.Paşazadə qeyd edib.
R.Babayev