Ermənistan-Azərbaycan münaqişəsi dünyanın ən uzun sürən münaqişələrindən biri “statusunu” almaqdadır. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşünün yekunlarını şərh edərkən bəyan edib.
Ə.Həsənovun sözlərinə görə, Soçidəki sammit iki ölkə başçıları arasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə birbaşa keçirilən 12-ci görüşdür.
“Hər bir görüşdən müsbət nəticə gözləntiləri olur. Çünki görüşdə də qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq dünyanın ən uzun sürən münaqişələrindən biri “statusunu” almaqdadır. 20 ildən artıqdır ki, bu münaqişə Azərbaycanda, Cənubi Qafqazda dinc həyatı pozmaqla kifayətlənməyib, bütün Avrasiyada regional sülhü və təhlükəsizliyi təhdid edir”, - deyə şöbə müdiri “AzərTAc” dövlət agentliyinə müsahibəsində bildirib.
Ə.Həsənov qeyd edib ki, istənilən halda müxtəlif formatlarda, xüsusən də iki ölkə prezidentlərinin birbaşa dialoqu çərçivəsində keçirilən belə görüşlər heç zaman izsiz qalmır.
R.Babayev