Ötən bazar ertəsi amerikalı aktyor Robin Uilyams Tiberondakı (Kaliforniya) evində ölü tapılıb. Bu barədə Kaliforniyanın Marin dairəsinin şerifinin məlumatında deyilir.
İlkin məlumata əsasən, 63 yaşlı aktyor intihar edib. Ölümə nəfəs tutulması səbəb olub.
Məlumatda qeyd olunur ki, saat 11:55-də “911” xilasetmə xidmətinə zəng daxil olub və məlumat verilib ki, Tiberondakı evdə bir kişi huşsuz vəziyyətdədir. Polislər beş dəqiqədən sonra hadisə yerinə gələrək aktyorun cəsədini aşkar ediblər. Sonuncu dəfə R.Uilyamsı avqustun 10-da yerli vaxtla saat 22:00 radələrində görüblər.
Aktyorun nümayəndəsi Mara Baksbaum CNN telekanalına bildirib ki, son zamanlar R.Uilyams ağır depressiyadan əziyyət çəkirdi.
“Mən həyat yoldaşımı və ən yaxşı dostumu, dünya isə ən sevimli aktyorlarından birini itirdi”, - deyə R.Uilyamsın həyat yoldaşı Syuzan Şnayder jurnalistlərə bildirib.