Rəcəb Tayyib Ərdoğan müasir ziddiyyətli geosiyasi dünyada vəziyyətə nəzarət edən və Türkiyədə sabitliyi təmin etmək iqtidarında olan liderdir. Keçmiş diplomat, politoloq Fikrət Sadıxov belə hesab edir.
“Ərdoğan Şərqdə mötədil İslam liderlərindən biri olmağa nail olub. Prinsip etibarilə həm Qərbdə, həm də Rusiyada buna anlayışla yanaşırlar. Ərdoğanı kifayət qədər ağılla və praqmatik şəkildə qiymətləndirirlər və anlayırlar ki, mövcud durumda yalnız o, ölkədə vəziyyətə nəzarət edə və sabitliyi təmin edə bilər”, - deyə F.Sadıxov vurğulayıb.
Politoloqun sözlərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi Azərbaycanın ekspert cəmiyyətində proqnozlaşdırılmışdı.
“Bu gün uzun illər ərzində ilk dəfə Türkiyə prezidenti ümumxalq səsverməsi yolu ilə seçilib. Bu, əlbəttə ki, hazırkı baş nazirə etimadın ciddi göstəricisidir. Bu məsələdə xüsusi təzad və ziddiyyətli fikirlər olmayıb. Ərdoğan kifayət qədər güclü siyasi fiqurdur. Prezident seçkilərində onun rəqibi olanlar isə kifayət qədər zəif siyasətçilərdir və onlara qalib gəlmək heç də çətin olmayıb. Xüsusilə də Ərdoğan kimi güclü rəqib üçün”, - deyə F.Sadıxov bildirib.
O qeyd edib ki, yaxın vaxtlarda Türkiyə Konstitusiyasına müvafiq dəyişikliklər ediləcək və ölkə prezident respublikasına çevriləcək.
“Düşünürəm ki, türk xalqı Ərdoğanı bu məsələdə dəstəkləyəcək, çünki ona inanır və ona səs verib. Daxili və xarici siyasətin sonrakı prioritetlərinə gəlincə isə, bunu gələcək göstərəcək. Bu günə Ərdoğanın əsas xarici siyasi prioritetlərindən biri Azərbaycan və Şimali Kiprlə münasibətlər olacaq. O, hər zaman seçkilərdə qələbədən sonra bu iki respublikaya səfərlər edir”, - deyə politoloq vurğulayıb.
F.Sadıxovun sözlərinə görə, Ərdoğanın prezidentliyi dövründə Azərbaycan və Türkiyə arasında münasibətlər ardıcıl şəkildə, dinamik və yüksələn xətlə inkişaf etməkdə davam edəcək.
“Münasibətlərimizin çox yaxşı potensialı var. Bu münasibətlər uzun illər ərzində müxtəlif istiqamətlərdə - iqtisadi, siyasi, humanitar, hərbi sahələrdə formalaşıb. Düşünürəm ki, bu əməkdaşlıq bundan sonra da davam və inkişaf edəcək”, - deyə o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin heç bir şübhə və fikir ayrılığı doğurmayan möhkəm təməli var.
“Praktiki olaraq bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür. Düşünürəm ki, ikitərəfli format inkişaf etməkdə davam edəcək”, - deyə F.Sadıxov bildirib.
Onun sözlərinə görə, Ərdoğanın Türkiyənin prezidentin seçilməsi Azərbaycan üçün daha arzu olunandır.
“Ekmələddin İhsanoğluna gəlincə isə, o, Qahirədə anadan olub, bütün həyatını Türkiyədən kənarda keçirib. Əlbəttə, o, pis alim deyil, kübar insandır, ictimai-siyasi xadimdir. İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik edib. Lakin onu bugünkü çox mürəkkəb və ziddiyyətli geosiyasi dünyada Türkiyə kimi ölkənin rəhbərlərindən biri kimi təsəvvür etmək çətindir”, - deyə F.Sadıxov qeyd edib.