Azərbaycan polisi Gəncədə yaşadığı evin həyətində çətənə kollarının əkib becərilməsi ilə məşğul olan şəxsi saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib.
“Şəhər sakini, 40 yaşlı Arzu Quliyev yaşadığı evin həyətyanı sahəsində xüsusi kultivasiya yolu ilə becərilmiş, ümumi çəkisi 633,3 kq olan 108 ədəd çətənə kolu aşkar edilərək götürülüb”, – deyə məlumatda bildirilir.
Polis İdarəsində qeyd ediblər ki, A.Quliyev Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə və sağlamlığa az ağır xəsarət yetirmə maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı toplanmış materiallar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işinə əlavə edilib.
F.Mehdiyev