Goranboy Suvarma Sistemləri və Subartezian Quyularının İstismarı İdarəsi 2014-cü ilin sonuna qədər Goranboyda 15 artezian quyusu istifadəyə verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna idarədən məlumat verilib.
Son 2 ildə 16 artezian quyusu istifadəyə verilib və ilin sonuna qədər 15 quyu da istifadəyə veriləcək. Hazırda Goranboy Subartezian Quyularının İstismarı İdarəsi 800 artezian quyusu vasitəsi ilə 28 min ha sahənin suvarılmasını həyata keçirir.
İdarənin məlumatına görə, ötən aylar ərzində 72 su nasosu yenisi ilə əvəzlənib. Yuxarı Qarabağ kanalında 4 su-nasos stansiyası, 200-ə yaxın subartezian quyusu və nasosu təmir edilib.
20 min ha əkin sahəsinin suvarılmasında Kürəkçay, Gorançay, İncəçay və Tərtər kanalından istifadə edilir.
Sel və daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində Tərtər kanalının sol sahilində yeni hidrotexniki qurğular tikilir.
F.Mehdiyev