Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) “Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsi hazırlayıb. Bu barədə nazirliyin məlumatında deyilir.
“Qanun layihəsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birlikdə hazırlanıb. Sənəd aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq baxılması üçün hökumətə təqdim olunub”, - deyə məlumatda qeyd olunur.
“Dövlət informasiya sistemləri və informasiya ehtiyatları haqqında” qanun layihəsində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, idarə edilməsi, təhlükəsizliyinin təmin olunmasının əsas meyarları, inteqrasiyası və ləğvinin əsasları müəyyən edilib.
Bundan başqa, sənəddə dövlət informasiya sistemlərinin və ehtiyatlarının subyektlərinin hüquq və vəzifələrinin əsasları müəyyən edilib, onlar arasında qarşılıqlı əlaqə zamanı yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı məsələlər əks olunub.
Bu qanun layihəsinin hazırlanması “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli Fərmanının icrası çərçivəsində həyata keçirilib.
N.Abbasova