“Azərenerji” ASC-nin “Xaçmaz Regional Elektrik Şəbəkəsi” (REŞ) 110 kV-luq “Qusar” yarımstansiyasının yenidən qurulması üçün hazırlıq işlərinə başlayıb. Bu barədə ASC-nin məlumatında deyilir.
“Yay mövsümündə Azərbaycanın şimal bölgəsinə güclü turist axını müşahidə olunur. Bu da bölgədə iri enerjitutumlu obyektlərin qurulması zərurətini ortaya qoyur. Onların normal elektrik enerjisi ilə təchiz edilməsi üçün 110 kV-luq “Qusar” yarımstansiyasının genişləndirilməsi və yenidən qurulması üçün hazırlıq işlərinə başlanılıb”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, bu məqsədlə “Xaçmaz” REŞ 35 110 kV-luq “Qusar” yarımstansiyasını qidalandırmaq üçün yeni 2 dövrəli hava elektrik verilişi xəttinin tikintisinə başlayıb.
“Cari ilin son 3 ayı ərzində “Xaçmaz” REŞ tərəfindən 110 kV-luq “Xudat”, “Quba”, “Qusar”, “Şabran”, “Siyəzən”, 35 kV-luq “Qusar”, “Cağar” və digər yarımstansiyalarda müxtəlif təyinatlı təmir işləri həyata keçirilib”, - deyə məlumatda vurğulanır.
Hesabat dövründə REŞ-in balansında olan 330 kV-luq “Dərbənd”, 110 kV-luq I, II, IV, VI və VII “Xaçmaz”, I-II “Quba”, I “Qusar” və digər bir neçə xəttdə təmir işləri aparılıb.