Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları İrandan Gürcüstana 70 kq-a yaxın heroinin qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsi və Respublika Baş Prokurorluğunun çərşənbə günü yaydığı birgə məlumatda deyilir.
Belə ki, Astara Gömrük məntəqəsindən daxil olaraq Gürcüstan Respublikasına gedən Türkiyə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altından qablaşdırılmış şəkildə ümumi çəkisi 69,610 kq təşkil edən 116 ədəd polietilen bükümdə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Məhkəmənin qərarı ilə Türkiyə vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
R.Babayev