Səhiyyə nazirinin müavini, respublikanın baş sanitar həkimi Abbas Vəlibəyov Afrika ölkələrində yayılmış Ebola virusu ilə bağlı əmr imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
Əmrə əsasən, Ebola virusu xəstəliyinə qarşı profilaktik və əks-epidemik tədbirlər gücləndirilməlidir.
Şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib.
Əmrdə deyilir ki, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxs dərhal hospitallaşdırılmalı və təcrid edilməli, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatı yaradılmalıdır.
Bundan başqa, sərhəd keçid məntəqələrində Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şərait yaradılmalı, əhali arasında maarifləndirmə işi aparılmalıdır.
A.Zeydullayeva