Naxçıvan Muxtar Respublikasında elm və təhsil sahəsinin işçiləri, eləcə də ziyalıların iştirakı ilə millətlərarası, dinlərarası münasibətlər və multikulturalizm məsələlərinə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İntrerfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev millətlərarası, dinlərarası münasibətlər və multikulturalizm məsələləri ilə bağlı maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla Azərbaycanda milli-mənəvi dəyərlərin, tolerant mühitin qorunub saxlanması sahəsində həyata keçirilən iş, dövlətin bununla əlaqədar fəaliyyət istiqamətləri barədə məlumat verib. Onun sözlərinə görə, multikulturalizm ölkədə həyat tərzidir. Bu mənada Azərbaycan bütün dünya üçün nümunə ola bilər.
Naxçıvanda millətlərarası, dinlərarası münasibətlər və multikulturalizm sahəsində vəziyyət barədə danışan dövlət müşaviri qeyd edib ki, muxtar respublikada bu sahədə heç bir problem yoxdur və bu regionun təcrübəsi ölkənin digər rayonları üçün də nümunədir. K.Abdulla, həmçinin Azərbaycan Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti və həmin qurumların həyata keçirdikləri layihələr haqqında məlumat verib.
Q.Hüseynova