Azərbaycan Kanadanın Karlton Pleys şəhərində bu şəhərin rəmzlərindən biri olan Beynəlxalq Daş Piramidası (International Cairn) abidəsinə öz töhfəsini verib. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.
Açılış mərasimində Azərbaycanın Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirak edib.
Dünya ölkələrinin dostluğunun rəmzi kimi qələmə verilən bu abidə yerli vətəndaşlar və səfirliklər tərəfindən ianə edilən daşlardan ibarətdir və 2014-cü ilədək piramida yalnız 20 ölkədən (Cənubi Afrika, ABŞ, Meksika, Çin, Yaponiya, Rusiya, Almaniya, Fransa, Böyük Britaniya, Avstraliya, Polşa, Fransa, Şotlandiya, Trinidad və Tobaqo, Keniya, Zimbabve, Kosta Rika, Belçika və İrlandiya) daş parçaları ehtiva edib. Artıq bu ildən Azərbaycan da sözügedən abidəyə töhfə vermiş ölkələr siyahısındadır və Azərbaycanın Qarabağ bölgəsi Quruçay vadisindən kobud çapma aləti bu abidədə yer alıb.
Tədbirin açılışında çıxış edən Karlton Pleys şəhərinin meri Vendi Löblan abidənin formalaşmasına töhfə vermiş ölkələrə təşəkkürünü bildirib. O, abidədə təqdim olunan daş parçaları haqqında iştirakçılara məlumat verib.
Y.Əliyev