Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə və Şəki şəhərləri üzrə elektron kadastr məlumat bazasının hazırlanması üçün təqdim olunan məhsulların keyfiyyətinin yoxlanılması məqsədilə məsləhətçi seçir. Bu barədə komitənin elanında deyilir.
Seçim marağın ifadə edilməsi üsulu ilə və Dünya Bankının krediti hesabına maliyyələşdirilən “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi çərçivəsində həyata keçirilir.
Məsləhətçi tərəfindən işlərin icra müddəti 4 aydır.
Seçimdə iştirak etmək üçün şirkətlərdən ərizələr 2014-cü il sentyabrın 5-nə kimi qəbul olunur.
Xəbər verildiyi kimi, 2007-ci ilin mart ayında DB-nin Direktorlar Şurası Azərbaycana “Daşınmaz əmlakın qeydiyyatı” layihəsi üzrə $30 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Layihənin məqsədi daşınmaz əmlak bazarının dəstəklənməsi və daşınmaz əmlakın etibarlı, şəffaf və səmərəli qeydiyyatı sisteminin formalaşdırılmasıdır. Layihənin reallaşdırılması üçün daha $8 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
Layihə 4 komponenti özündə birləşdirir. Birinci komponent daşınmaz əmlakın qeydiyyatıdır və məqsədi avtomatlaşdırılmış sistemlərin və onlayn xidmətlərin qurulması vasitəsilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində daha səmərəli və sərfəli müştəri xidmətlərinin göstərilməsindən ibarətdir. İkinci komponent dövlət əmlakının idarə edilməsi ilə bağlıdır. Avtomatlaşdırılmış əmlak qeydiyyatı və dövlət əmlakının idarəetmə sistemləri üçün baza geodeziya, xəritə və kadastr məlumatlarının təmin edilməsi layihənin üçüncü komponentini əhatə edir. Dördüncü komponent təlim siyasətinin formalaşdırılması və layihənin idarə olunması məsələsinə aiddir.
N.Abbasova